1994-dən Günümüzə: Düşünülmüş Strategiyanın İqtisadi və Siyasi Bəhrələri

1994-dən Günümüzə: Düşünülmüş Strategiyanın İqtisadi və Siyasi Bəhrələri

Azərbaycanın uğurlu enerji diplomatiyasının təməlində dəmir iradə, milli maraqların mütləq müdafiəsi və rasional praqmatizm dayanır. Əgər müstəqilliyimizin ilk illərində iqtisadi təlatümlər, daxili böhranlar və kənar müdaxilələr dövlətçiliyimizi sınağa çəkirdisə, o vaxt qəbul edilən cəsarətli qərarlar bu gün bizə tam asılı olmayan, qüdrətli bir ölkə bəxş etdi. Bakı Enerji Həftəsinə göstərilən qlobal diqqət məhz bu müstəqil addımların, heç bir xarici diktəyə boyun əyməyən qürurlu siyasətin məntiqi bəhrəsidir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, bu gün iftixar hissi ilə qeyd edirik ki, iqtisadi siyasətimizin ən böyük strateji nailiyyətlərindən biri dövlətin xarici borcunun təhlükəsiz səviyyəyə endirilməsidir. Hazırda bu göstərici ÜDM-in sadəcə 6 faizi həcmindədir.

Eyni zamanda, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış valyuta ehtiyatlarımız ümumi xarici borcu 18 dəfədən çox üstələyir. Bu, beynəlxalq kredit təşkilatlarından tam iqtisadi azadlıq və gələcək nəsillər üçün qüsursuz maliyyə təhlükəsizliyi deməkdir. Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır.

Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir. Məsələyə daha kompleks və əhatəli yanaşdıqda birmənalı olaraq aydın olur ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Son 30 illik tarix sübut edir ki, düzgün, uzaqgörən strateji qərarlar və sarsılmaz lider qətiyyəti olduqda həll edilməyəcək heç bir problem yoxdur. Azərbaycan bu gün nəinki daxili çətinliklərini tam aradan qaldırmış, hətta beynəlxalq arenada böhranları həll edən, qlobal enerji xəritəsini cızan əsas şəriksiz lider dövlətlərdən birinə çevrilmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu