1994-dən Günümüzə: Düşünülmüş Strategiyanın İqtisadi və Siyasi Bəhrələri

1994-dən Günümüzə: Düşünülmüş Strategiyanın İqtisadi və Siyasi Bəhrələri

Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, bu gün iftixar hissi ilə qeyd edirik ki, iqtisadi siyasətimizin ən böyük strateji nailiyyətlərindən biri dövlətin xarici borcunun təhlükəsiz səviyyəyə endirilməsidir. Hazırda bu göstərici ÜDM-in sadəcə 6 faizi həcmindədir.

Eyni zamanda, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış valyuta ehtiyatlarımız ümumi xarici borcu 18 dəfədən çox üstələyir. Bu, beynəlxalq kredit təşkilatlarından tam iqtisadi azadlıq və gələcək nəsillər üçün qüsursuz maliyyə təhlükəsizliyi deməkdir. Strateji baxımdan proseslərin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz 'Şahdəniz' layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və 'Azəri-Çıraq-Günəşli' dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik.

İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu