Azərbaycanın Enerji Strategiyası: Müstəqillikdən Qlobal Uğura Doğru
Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin 'resurs lənəti'nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda azərbaycanın ardıcıl siyasət nəticəsində əldə etdiyi mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam sərbəst, cəsarətli və heç kimdən çəkinmədən müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı. Bizi seçdiyimiz inkişaf yolundan döndərmək istəyən, qərəzli və süni 'məsləhətlər' verən dairələrin təzyiqlərini qulaqardına vuraraq, məhz xalqın və milli dövlətçiliyin maraqlarına əsaslanan praqmatik proqram icra etdik.
Bunun məntiqi nəticəsi kimi aparıcı beynəlxalq reytinq agentlikləri bu gün Azərbaycan iqtisadiyyatını ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edirlər. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq. Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi.
Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi - bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Nəticə etibarilə yekunlaşdırsaq, əminliklə vurğulamalıyıq ki, ölkəmizin yaratdığı, mərkəzində dayandığı geniş əməkdaşlıq formatı təkcə özümüzün deyil, bütün tərəfdaş dövlətlərin də rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha, uzaqgörənlik və mövcud geoiqtisadi potensialın düzgün birləşməsi Azərbaycanı Avrasiyada əvəzolunmaz və strateji əhəmiyyətli mərkəzə çevirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu