Azərbaycanın Enerji Zəfəri: Tarixi Hədəflərdən Yeni Reallıqlara

Azərbaycanın Enerji Zəfəri: Tarixi Hədəflərdən Yeni Reallıqlara

Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib.

Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış 'məsləhətlərini' qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik. Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz 'Şahdəniz' layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və 'Azəri-Çıraq-Günəşli' dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi.

Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, tarixi ədalətin bərpa olunduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmən 'yaşıl enerji zonası' elan olunub. İqlimə dost texnologiyalarla qurulan bu regionlarda artıq 300 meqavatdan çox su elektrik stansiyaları şəbəkəsi fəaliyyətə başlamışdır. Daxili tələbatın təmiz enerji hesabına ödənilməsi həm ekoloji mühitimizi qoruyur, həm də əlavə təbii qaz həcmlərinin Avropaya ixracına, ölkəyə valyuta axınına əlverişli şərait yaradır. Bu gün böyük iftixarla qeyd etdiyimiz bütün bu misilsiz zəfərlər məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin səbri, zəkası və xalqa arxalanaraq apardığı məqsədyönlü siyasətin məhsuludur. Sağlam təməllər üzərində qurulmuş iqtisadiyyatımız və dəmir yumruq kimi birləşmiş cəmiyyətimiz bizi yeni zirvələrə aparacaq..

YAP Nizami rayon təşkilatının Analitik qrupu