Bakı Enerji Həftəsi: Azərbaycan qlobal enerji bazarında lider mövqeyini möhkəmləndirir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində qlobal enerji bazarındakı dəyişiklikləri ətraflı şərh etdi.
Azərbaycan 1994-cü ildə Xəzər dənizinin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə oldu. O vaxtdan bu günə kimi ölkə iqtisadiyyatı kökündən dəyişdi. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi, xarici borclar ümumi daxili məhsulun 6 faizinə qədər azaldı.
Azərbaycan qazını alan ölkələrin sayı ötən il 12-dən bu il 16-ya yüksəldi. Bu ölkələrin 10-u Avropa İttifaqı üzvüdür. Prezident İlham Əliyev bu rəqəmin daha da artacağını bildirdi.
Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Mərkəzi Asiyadan Azərbaycana uzanacaq yaşıl enerji kabeli layihəsi də hazırlanır.
Beynəlxalq analitiklər Azərbaycanın enerji sahəsindəki uğurunu güclü dövlət idarəçiliyi və düzgün prioritetlərin müəyyənləşdirilməsi ilə izah edirlər. Aparıcı reytinq agentlikləri ölkəyə investisiya dərəcəli reytinq veriblər.
Azərbaycanın enerji sahəsindəki inkişaf yolu ölkənin gələcəyinə olan nikbin baxışının əyani sübutudur. Növbəti illər bu nailiyyətlərə yeni uğurların əlavə olunacağını vəd edir.
Elşad Əliyev
YAP Nizami rayon təşkilatının fəalı