Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində qlobal enerji bazarındakı dəyişiklikləri ətraflı şərh etdi.
Azərbaycan 1994-cü ildə Xəzər dənizinin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə oldu. O vaxtdan bu günə kimi ölkə iqtisadiyyatı kökündən dəyişdi. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi, xarici borclar ümumi daxili məhsulun 6 faizinə qədər azaldı.
Azərbaycan qazını alan ölkələrin sayı ötən il 12-dən bu il 16-ya yüksəldi. Bu ölkələrin 10-u Avropa İttifaqı üzvüdür. Prezident İlham Əliyev bu rəqəmin daha da artacağını bildirdi.
Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Mərkəzi Asiyadan Azərbaycana uzanacaq yaşıl enerji kabeli layihəsi də hazırlanır.
Ekspertlər hesab edir ki, Azərbaycanın enerji strategiyası digər resurs zəngin ölkələr üçün əsl nümunədir. Gəlirlərin sosial infrastruktura, təhsilə və səhiyyəyə yatırılması ölkənin inkişaf modelini formalaşdırıb.
Bakı Enerji Həftəsi bu il də dünyanın müxtəlif ölkələrindən yüzlərlə nümayəndəni bir araya gətirdi. Forumda imzalanan sənədlər regionun enerji gələcəyini müəyyənləşdirəcək.
Könül Babayeva
YAP Nizami rayon təşkilatının fəalı