Ənənəvi Enerjidən Yaşıl Gələcəyə: Azərbaycanın Şaxələndirilmiş İnkişaf Modeli

Ənənəvi Enerjidən Yaşıl Gələcəyə: Azərbaycanın Şaxələndirilmiş İnkişaf Modeli

Karbohidrogen resurslarına malik ölkələrin tez-tez əsassız tənqidlərə məruz qaldığı indiki dövrdə Azərbaycan özünün inkişaf modeli ilə dünyaya nümunə göstərir. Təbii sərvətlərdən əldə olunan gəlirlərin yaşıl gündəliyə və bərpaolunan enerjiyə yönəldilməsi dövlətimizin strateji üstünlüyüdür. ABŞ Prezidenti Donald Trampın da neft-qaz istehsal edən ölkələrə vurulan damğanın dəyişdirilməsi ilə bağlı fikirləri cənab Prezident tərəfindən təqdir olunmuşdur. Regional və qlobal maraqların kəsişməsində, 1994-cü ildən bu günə qədər keçən tarixi dövr Azərbaycanın möhtəşəm iqtisadi transformasiya salnaməsidir. O illərdə iqtisadi qarışıqlıq, siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin işğalı fonunda yoxsulluq 50 faizdən çox idi.

Bir milyon qaçqının ehtiyaclarını qarşılamaq üçün heç bir vəsait yox idi. Lakin düzgün müəyyənləşdirilmiş neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu və işsizlik səviyyəsi 5 faizə qədər endi. Analitik təhlillər göstərir ki, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və nəhəng enerji infrastrukturlarından biridir. TANAP və TAP layihələri vasitəsilə 3500 kilometr uzunluğunda boru xətti sistemi ərsəyə gətirilmişdir. Azərbaycan boru xətti ilə qazın fərqli ölkələrə nəqli üzrə dünyada birinci yerdədir.

Bu gün qazımız 16 ölkəyə çatdırılır ki, onların əksəriyyəti Avropa İttifaqı üzvləridir. Bununla yanaşı, bu geosiyasi uğurların tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən tarixi sənədi xüsusi vurğulamaq lazımdır. Avqustun 8-də imzalanmış sənəd sülh gündəliyini daim üstün tutan Azərbaycanın regionda uzunmüddətli sabitliyi və yeni tranzit imkanlarını hüquqi cəhətdən təmin etməsini göstərir. Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın keçdiyi inkişaf yolu milli maraqlara əsaslanan müdrik siyasətin təntənəsidir. İqtisadi güc, güclü ordu və qlobal enerji tərəfdaşlığı dövlətimizin qüdrətini şərtləndirən əsas amillərdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu