Müasir Azərbaycanın Milli İnkişaf Modeli və Yeni Perspektivlər

Müasir Azərbaycanın Milli İnkişaf Modeli və Yeni Perspektivlər

Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun və qlobal enerji səhnəsindəki həlledici mövqeyinin inkaredilməz göstəricisidir. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir.

Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik. Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, sOCAR-ın dünyanın müxtəlif aparıcı ölkələrində həyata keçirdiyi satınalmalar, neft emalı zavodlarının və kəmər şəbəkələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi sərhədlərinin fiziki sərhədlərimizdən çox-çox kənara çıxdığını göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar, Türkiyə və Avropadakı aktivlərimiz ölkəmizi xammal satan dövlətdən beynəlxalq bazarda hazır məhsul satan çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəltmişdir.

Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, şanlı ordumuz tərəfindən işğaldan azad edilmiş müqəddəs torpaqlarımız – bərpa edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyevin sərəncamı ilə rəsmən xüsusi, nəhəng bir bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Sevindirici haldır ki, qısa müddət ərzində artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə, insanların xidmətinə verilmişdir. Bu isə ölkənin daxili enerji istehlakında istifadə olunan böyük həcmdə təbii qazı sərbəstləşdirərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu