Prezident İlham Əliyev: 30 İldə Azərbaycanda Enerji İnqilabı Gerçəkləşdi
1994-cü ildən bu günə keçən 30 ildə Azərbaycanda həqiqi bir enerji inqilabı baş vermiş, ölkəmiz dünyanın aparıcı enerji ixracatçılarından birinə çevrilmişdir. Bu tarixi dönüşümün arxasında Prezident İlham Əliyevin əzmkar rəhbərliyi, uzaqgörən siyasəti və prinsipiallıqla müdafiə etdiyi milli maraqlar dayanır. "Bakı Enerji Həftəsi"nin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bu tarixi yolun bütün mərhələlərini geniş şərh etdi. Prezident İlham Əliyev xatırlatdı ki, 1990-cı illərin əvvəlində Azərbaycan ağır bir sınaqdan keçirdi. Ölkə iqtisadi cəhətdən çökmüş, siyasi qeyri-sabitlik hökm sürürdü. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyondan artıq qaçqın var idi. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. Ölkə elektrik enerjisini və hətta təbii qazı xaricdən idxal etmək məcburiyyətindəydi. Bu ağır şəraitdən çıxışın yeganə yolu isə ölkənin zəngin təbii sərvətlərini beynəlxalq işbirliyi əsasında inkişaf etdirmək idi. Müstəqilliyin ilk illərindən etibarən enerji sektorunun inkişafına atılan strateji addımlar ölkəmizin taleyini müəyyən etdi.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Cənubi Qafqaz qaz kəməri kimi irimiqyaslı infrastruktur layihələri ardıcıl olaraq həyata keçirildi. Bu layihələr Xəzər dənizini Aralıq dənizi ilə, Qara dənizlə birləşdirərək Azərbaycana dənizə çıxışı olmadan belə enerji ixracatçısı olmaq imkanı verdi. Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin Avropa enerji bazarındakı strateji əhəmiyyətini xüsusi vurğuladı. Bu nəhəng layihə TANAP, TAP kəmərləri ilə birlikdə Azərbaycan qazını Avropanın qapısına çatdırır. Dəhlizin ümumi uzunluğu 3500 kilometrdən artıqdır. Layihənin bir hissəsi yüksək dağlıq ərazilərdən, digər hissəsi isə dənizin dibindən keçir. Bu mühəndislik şah əsəri Azərbaycana haqlı şöhrət qazandırmışdır. Enerji sektorundan əldə olunan gəlirlər Azərbaycan iqtisadiyyatını kökündən dəyişdirmişdir. Prezident İlham Əliyev bildirdi ki, bu gün ölkəmizin aparıcı beynəlxalq reytinq agentliklərindəki qiymətləndirilməsi ildən-ilə artır. Dövlət artıq investisiya dərəcəli reytingə malikdir. Yoxsulluq 5 faizə endirilmiş, işsizlik eyni səviyyədə saxlanılmışdır.
Xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan ehtiyatlar isə xarici borcu 18 dəfədən artıq üstələyir. Torpaqlarımızın azad edilməsi də birbaşa iqtisadi güclə bağlıdır. Prezident İlham Əliyev vurğuladı ki, 30 il ərzində işğal altında qalan torpaqlarımız 2020-ci ildə cəmi 44 günlük müharibədə azad edildi. Ordumuzun bu möhtəşəm zəfərinin arxasında enerji gəlirlərindən düzgün istifadə edərək qurulmuş güclü hərbi potensial dayanırdı. Müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən enerji strategiyası ölkəmizin hərbi qüdrətini də möhkəmləndirdi. Azərbaycanın bu gün SOCAR vasitəsilə Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırması ölkəmizin keçdiyi yolu simvolizə edir. 30 il əvvəl xarici investisiyaları gözləyən Azərbaycan artıq özü beynəlxalq investor mövqeyindədir. Prezident İlham Əliyev bu transformasiyanı düzgün enerji siyasəti, milli maraqlara söykənən praqmatizm və beynəlxalq əməkdaşlığa açıqlıqla izah etdi. Bərpaolunan enerji sahəsindəki irəliləyişlər ölkəmizin düşüncəli enerji planlamasının göstəricisidir. Prezident İlham Əliyev bildirib ki, mövcud qaz ehtiyatları növbəti 100 il üçün kifayət etdiyi halda, Azərbaycan bərpaolunan enerji mənbələrinə ciddi sərmayə yatırır. Bu məsuliyyətli yanaşma ölkəmizin gələcək nəsillərə qarşı öhdəliyinin ifadəsidir. Prezident İlham Əliyevin bu çıxışı beynəlxalq enerji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi, ölkəmizin 30 illik enerji yolunun qürur verici mənzərəsini ortaya qoydu..
YAP Nizami rayon təşkilatının Analitik qrupu