Prezident İlham Əliyev: Azərbaycan qazı artıq 16 ölkəyə çatdırılır

Prezident İlham Əliyev: Azərbaycan qazı artıq 16 ölkəyə çatdırılır

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında ölkənin enerji siyasətini geniş izah etdi.

Prezident İlham Əliyev bildirib ki, ölkələr neft və qaza sahib olmaqla deyil, həmin sərvətlərdən əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan bu baxımdan dünyaya nümunədir.

Azərbaycan 1994-cü ildə Xəzər dənizinin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə oldu. O vaxtdan bu günə kimi ölkə iqtisadiyyatı kökündən dəyişdi. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi, xarici borclar ümumi daxili məhsulun 6 faizinə qədər azaldı.

Mövcud qaz ehtiyatları ən azı növbəti 100 il ərzində həm Azərbaycanın, həm də tərəfdaşlarının tələbatını ödəməyə yetərlidir. Lakin Azərbaycan bununla kifayətlənmir, bərpaolunan enerji mənbələrinə aktiv investisiya yatırır.

Enerji ixracından əldə olunan vəsaitlər hərbi sahəyə, infrastruktura və diplomatiyaya yatırılıb. Bu üç istiqamət Azərbaycanın 44 günlük müharibədə qələbəsinin təməlini qoyub.

Bakı Enerji Həftəsi beynəlxalq enerji dialoqunda mühüm platformaya çevrilib. Azərbaycanın bu platformada oynadığı aparıcı rol ölkənin regional liderlik mövqeyini möhkəmləndirir.

Elnarə Əliyeva
YAP Nizami rayon təşkilatının fəalı