Prezident İlham Əliyev: Azərbaycan Qlobal Enerji Təhlükəsizliyinin Təminatçısıdır
Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi"ndəki tarixi çıxışı ölkəmizin dünya enerji bazarındakı rolunu bir daha bütün aydınlığı ilə ortaya qoydu. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə artıq dünya ictimaiyyəti tərəfindən rəsmi olaraq qəbul edilir. Dövlətimizin başçısının bəyan etdiyi faktlar və rəqəmlər ölkəmizin bu sahədəki liderliyini danılmaz dəlillərlə sübut edir. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycanın enerji ixracının coğrafiyasının genişlənməsindən danışdı. Keçən il yalnız 12 ölkəyə qaz ixrac edən Azərbaycan bu gün 16 ölkəyə qaz çatdırır. Bu ölkələrin 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Belə bir nailiyyət uzunmüddətli strateji planlamanın, ciddi investisiyaların və güclü diplomatik fəaliyyətin məhsuludur. Cənub Qaz Dəhlizi layihəsi Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında həyata keçirilmiş nəhəng bir infrastruktur möcüzəsidir. 3500 kilometr uzunluğunda boru xətti sistemi ilə Xəzər hövzəsindən Adriatik dənizinə qədər uzanan bu dəhliz Avropanın enerji xəritəsini kökündən dəyişdirmişdir. TANAP və TAP kəmərləri ilə tamamlanan bu sistem Avropanın Rusiya qazından asılılığını azaltmaqda mühüm rol oynamışdır.
Enerji ixracından əldə olunan vəsaitlər Azərbaycanda sosial-iqtisadi inkişafın güclü mənbəyinə çevrilmişdir. Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz bu gəlirləri sosial infrastrukturun, təhsilin, səhiyyənin inkişafına, eləcə də bərpaolunan enerji mənbələrinə yatırır. Belə bir yanaşma ölkəni hasilat iqtisadiyyatından bilik iqtisadiyyatına keçirməkdə əvəzsiz rol oynayır. Prezident İlham Əliyev çıxışında Azərbaycanda mövcud qaz ehtiyatlarının növbəti 100 il ərzində həm daxili tələbatı, həm də xarici tərəfdaşların ehtiyaclarını ödəməyə kifayət edəcəyini vurğuladı. "Şahdəniz" yatağında 30 il əvvəl imzalanan müqavilə bu inkişafın başlanğıc nöqtəsi olmuşdur. Bu gün "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi ölkənin qaz potensialını yeni zirvələrə daşıyacaqdır. Neft emalı sahəsindəki genişlənmə də Prezident İlham Əliyevin çıxışında geniş yer tutdu. SOCAR-ın "Italiana Petroli" şirkətini satın alması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücü 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. SOCAR-ın ümumi emal gücü isə 30 milyon tonu ötmüşdür. Bu göstəricilər Azərbaycanın yalnız xam material ixracatçısı olmadığını, həm də emal sahəsində güclü beynəlxalq oyunçuya çevrildiyini nümayiş etdirir.
Bərpaolunan enerji sahəsindəki irəliləyişlər ölkəmizin yaşıl gələcəyə doğru inamlı addımlarını əks etdirir. Prezident İlham Əliyev bildirdi ki, 2027-ci ilin sonuna qədər günəş və külək enerjisi üzrə ümumi güc 2 giqavata çatacaq. 2032-ci ilin sonuna isə bu rəqəm 8 giqavata yüksələcək. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir. Enerji kabeli layihələri sahəsindəki əməkdaşlıq da Prezident İlham Əliyevin prioritetlərindən birini təşkil edir. "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan vasitəsilə Avropaya birbaşa bağlayacaqdır. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi icra mərhələsindədir. Bu layihələr ölkəmizi regionun enerji mərkəzinə çevirəcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji diplomatiyasında da güclü mövqelər qazanmışdır. Dövlət başçısı bildirdi ki, Azərbaycandan qaz keçirən 16 ölkənin hər biri ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, fikir ayrılıqları aradan qaldırılmışdır. Bu diplomatik nailiyyət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Azərbaycan dünya enerji bazarında etibarlı, güclü, prinsipial tərəfdaş kimi öz mövqeyini möhkəm şəkildə saxlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu