Prezident İlham Əliyev: Azərbaycan Tranzit Ölkədən Regional Enerji Mərkəzinə Çevrildi
Azərbaycan müstəqilliyin ilk illərindən etibarən həyata keçirdiyi ardıcıl enerji siyasəti sayəsində sadə bir tranzit ölkədən regionun tam hüquqlu enerji mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimindəki çıxışında bu transformasiyanı bütün aydınlığı ilə açıqladı. Dövlət başçısının sözləri ölkəmizin enerji sahəsindəki mövqeyinin qürur verici bir panoramını ortaya qoydu. Prezident İlham Əliyev Xəzər hövzəsinin tranzit imkanlarından söz açaraq bildirdi ki, Azərbaycan Xəzərin şərq sahillərindəki dost və tərəfdaşları üçün mühüm tranzit imkanları yaratmışdır. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çatdırılır. Gələcəkdə eyni imkanların qaz üçün də reallaşacağı gözlənilir. Bu, ölkəmizin sadə hasil edicidən tam çoxşaxəli enerji mərkəzinə doğru inkişafını simvolizə edir. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar enerji tranzitinin əsasını möhkəmləndirdi. Prezident İlham Əliyev bildirdi ki, dəmir yolu və avtomobil yolu infrastrukturuna edilən iri investisiyalar sayəsində yeni nəqliyyat dəhlizləri açılmış, qitələr bir-biri ilə əlaqələndirilmişdir. Şərq-Qərb dəhlizi bu kontekstdə əsas arteri rolunu oynayır.
Zəngəzur dəhlizinin inşası isə bu şəbəkəni daha da genişləndirəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğur hekayəsi ölkəmizin enerji diplomatiyasının ən parlaq nümunəsidir. Prezident İlham Əliyev xatırlatdı ki, bu layihənin həyata keçirilməsi üçün region ölkələri ilə mürəkkəb danışıqlar aparılmış, çoxsaylı sazişlər imzalanmışdır. Nəticədə Xəzər hövzəsi ilk dəfə Aralıq dənizi ilə birbaşa bağlandı. Bu kəmər bu gün Azərbaycanın ən mühüm enerji infrastruktur layihəsi olaraq qalmaqdadır. Cənub Qaz Dəhlizi ölkəmizin enerji ixracını yeni səviyyəyə daşıdı. Prezident İlham Əliyev vurğuladı ki, bu dəhliz 3500 kilometr uzunluğunda boru xətti şəbəkəsi ilə Azərbaycan qazını birbaşa Avropa bazarına çatdırır. TANAP Türkiyəni, TAP isə Yunanıstanı, Albaniyani və İtaliyanı əhatə edir. Bu layihə sayəsində Azərbaycan Avropanın enerji diversifikasiyasına böyük töhfə vermişdir. Enerji ixracından əldə olunan gəlirlər ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirdi.
Prezident İlham Əliyev bildirdi ki, bu gün ölkəmizin xarici borcu ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondunda toplanan ehtiyatlar xarici borcu 18 dəfədən çox üstələyir. Bu maliyyə möhkəmliyi Azərbaycanı xarici təzyiqlərdən qoruyan etibarlı bir zirehin rolunu oynayır. SOCAR-ın beynəlxalq ekspansiyası ölkəmizin enerji sektorunun yetkinliyini nümayiş etdirir. Prezident İlham Əliyev bildirdi ki, "Italiana Petroli"nin alınması nəticəsində SOCAR-ın emal gücü kəskin artmışdır. Bu şirkət artıq Yaxın Şərqdə, Afrikada, Mərkəzi Asiyada aktiv fəaliyyət göstərir. 30 il əvvəl xarici şirkətləri ölkəyə cəlb etməyə çalışan Azərbaycan bu gün özü dünyaya investisiya axıdır. Beynəlxalq enerji birliklərindəki nüfuzun artması da ölkəmizin enerji mərkəzinə çevrilməsinin göstəricisidir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Ərdoğan, Böyük Britaniya Baş Naziri Starmer kimi liderlərlə məktuplaşması Azərbaycanın beynəlxalq enerji platformalardakı ağırlığını nümayiş etdirir. Bu liderlərin "Bakı Enerji Həftəsi"nə marağı ölkəmizin enerji dünyasındakı statusunun təsdiqidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji mərkəzi statusunu gündən-günə möhkəmləndirməkdədir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu