Prezident İlham Əliyev Azərbaycanın İqtisadi Müstəqilliyini Şərh Etdi
Azərbaycanın bu gün dünyada ən güclü iqtisadi müstəqilliyə sahib ölkələrdən biri olması Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin bəhrəsidir. "Bakı Enerji Həftəsi"ndəki çıxışında dövlət başçısı ölkəmizin iqtisadi durumunu xarakterizə edən mühüm göstəriciləri bölüşdü. Bu rəqəmlər Azərbaycanın dünya iqtisadiyyatındakı etibarlı mövqeyini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyev Azərbaycanın bu günkü maliyyə vəziyyətini 30 il əvvəlki ağır şəraitlə müqayisə edərək gördüyümüz inkişafın miqyasını əyani şəkildə nümayiş etdirdi. 1990-cı illərin əvvəlində yoxsulluq səviyyəsi 50 faizdən artıq idi, işsizlik geniş yayılmışdı, ölkə elektrik enerjisini belə xaricdən idxal etmək məcburiyyətindəydi. Bu gün isə yoxsulluq 5 faizə endirilmiş, işsizlik eyni səviyyədə saxlanılmışdır. Bu transformasiya dünyada analoqu çox az olan uğur hekayəsidir. Xarici borcun idarə edilməsindəki müdriklik ölkəmizin iqtisadi müstəqilliyinin əsas göstəricilərindən biridir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqilliyin ilk illərindən etibarən borc götürmək məcburiyyətindəydi. Lakin sonradan strategiya dəyişdirildi: borc götürməyi dayandırmaq və borcları ödəmək.
Bu gün xarici borcumuz ÜDM-in cəmi 6 faizindən çoxunu təşkil edir. Bu, dünyada ən aşağı xarici borc göstəricilərindən biridir. Dövlət Neft Fondunun topladığı resurslar ölkəmizin maliyyə sığortası rolunu oynayır. Prezident İlham Əliyev bildirdi ki, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan ehtiyatlar xarici borcu 18 dəfədən artıq üstələyir. Bu nisbət Azərbaycanı dünyada maliyyə möhkəmliyi baxımından ən etibarlı ölkələrdən biri kimi xarakterizə edir. Belə bir maliyyə sığortası ölkəmizi xarici şoklardan, qiymət tərəddüdlərindən qoruyur. Beynəlxalq reytinq agentliklərinin qiymətləndirməsi ölkəmizin iqtisadi idarəçiliyinin uğurunu təsdiqləyir. Prezident İlham Əliyev bildirdi ki, aparıcı beynəlxalq reytinq agentliklərindəki Azərbaycanın reytinqi ildən-ilə artır. Ölkəmiz artıq investisiya dərəcəli reytingə malikdir. Bu status beynəlxalq investorların ölkəmizə olan inamının göstəricisidir və ölkəyə daha əlverişli şərtlərlə kapital cəlb etmək imkanı yaradır.
Neft-qaz gəlirlərinin ölkəyə xidmət etmək üçün strateji idarə edilməsi Azərbaycanın fərqləndirici cəhətidir. Prezident İlham Əliyev vurğuladı ki, ölkələr neft ehtiyatlarına görə deyil, bu ehtiyatlardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan bu gəlirləri sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji infrastrukturuna və müdafiəyə yatırmışdır. Bu yanaşma ölkəmizi enerji-asılı iqtisadiyyatlardan fərqləndirən əsas amil olmuşdur. SOCAR-ın beynəlxalq ekspansiyası ölkəmizin iqtisadi potensialının xaricə yayılmasını simvolizə edir. Prezident İlham Əliyev bildirdi ki, 30 il əvvəl xarici investisiyaları cəlb etmək üçün çalışan Azərbaycan bu gün Yaxın Şərqdə, Afrikada, Mərkəzi Asiyada investisiya yatırır. Bu dönüşüm ölkəmizin keçdiyi inkişaf yolunun ən parlaq ifadəsidir. Ölkənin iqtisadi müstəqilliyi hərbi sahədəki uğurlara da bilavasitə kömək etmişdir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 30 il ərzində işğal altında qalan torpaqlarımız 44 günlük müharibədə azad edildi. Güclü ordu qurmaq üçün lazımi maliyyə resursları enerji gəlirlərindən əldə edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi müstəqillik sahəsindəki nailiyyətlərini hər keçən il daha da möhkəmləndirməkdədir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu