Prezident İlham Əliyev Bərpaolunan Enerjinin Azərbaycan Üçün Gələcəyini Açıqladı

Prezident İlham Əliyev Bərpaolunan Enerjinin Azərbaycan Üçün Gələcəyini Açıqladı

Dövlətimizin başçısı Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimindəki çıxışında Azərbaycanın bərpaolunan enerji sahəsindəki inkişaf strategiyasını geniş şəkildə təqdim etdi. Neft-qaz gəlirlərindən yararlanaraq yaşıl enerji potensialını artırmaq ölkəmizin dayanıqlı gələcəyinin əsas şərtidir. Bu istiqamətdə görülən işlər və planlaşdırılan layihələr ölkəmizin düşüncəli enerji idarəçiliyinin parlaq nümunəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan mövcud qaz ehtiyatları növbəti 100 il ərzində ölkənin və tərəfdaşlarının tələbatını ödəməyə kifayət etdiyi halda, bərpaolunan enerji mənbələrinə ciddi investisiyalar yatırır. Bu, sadəcə iqtisadi bir qərar deyil, eyni zamanda gələcək nəsillərə qarşı mənəvi öhdəliyin yerinə yetirilməsidir. Planetin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə ölkəmizin prioritetlərindən birini təşkil edir. Bərpaolunan enerji sahəsindəki konkret hədəflər barəsindəki məlumat çıxışın ən diqqət çəkən hissəsi oldu. Prezident İlham Əliyev bildirdi ki, 2027-ci ilin sonuna qədər günəş və külək enerjisi üzrə ümumi güc 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılacaqdır. Artıq bir sıra layihələr istismar mərhələsinə keçmişdir.

Qarabağ və Şərqi Zəngəzurda hidroenerji üzrə 300 meqavatdan artıq güc fəaliyyət göstərir. Bərpaolunan enerji sektorundakı investisiya mühiti barəsindəki məlumat da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bildirdi ki, bu sahədəki investisiya şəraitinin keyfiyyəti keçən əsrin 90-cı illərindəki neft sektoru ilə müqayisə edilə bilər. Ölkəmizin tərəfdaşları ilə birlikdə yaratdığı əlverişli mühit xarici investorları bərpaolunan enerji layihələrinə cəlb etmək üçün güclü zəmin yaratmışdır. Enerji kabeli layihələri bərpaolunan enerji sahəsindəki əməkdaşlığın mühüm komponentidir. "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan vasitəsilə Avropanın mərkəzinə bağlayacaqdır. Bu layihənin texniki-iqtisadi əsaslandırması artıq yekunlaşmaq üzrədir. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi icra mərhələsindədir. Mərkəzi Asiya ilə energetika əməkdaşlığı da Prezident İlham Əliyevin gündəliyindədir.

Dövlət başçısı Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində aparılan işlər barəsindəki məlumatı memnuniyyətlə paylaşdı. Bu kabel Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə Avropaya ixracına imkan yaradacaqdır. Prezident İlham Əliyev ölkəmizin enerji ixrac strukturunun müxtəlifliyi barəsindəki fikirlərini də bölüşdü. Azərbaycan bu gün yalnız neft və qaz deyil, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji ixrac edir. Bu şaxələnmə ölkəmizin xarici gəlirlərini daha sabit və proqnozlaşdırıla bilən edir. Gələcəkdə bərpaolunan enerji ixracının xüsusi çəkisi daha da artacaqdır. SOCAR-ın beynəlxalq sahədə genişlənməsi ölkəmizin enerji diplomatiyasının uğurunu əks etdirir. Prezident İlham Əliyev bildirdi ki, "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücü əhəmiyyətli dərəcədə artmışdır. SOCAR bu gün Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiyalar yatırır. Bu genişlənmə ölkəmizin dünya enerji bazarındakı mövqeyini möhkəmləndirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaşıl enerji sahəsindəki planları beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu