Prezident İlham Əliyevin Strateji Baxışı və Yeni Dünya Nizamında Azərbaycan
Azərbaycanın uğurlu enerji diplomatiyasının təməlində dəmir iradə, milli maraqların mütləq müdafiəsi və rasional praqmatizm dayanır. Əgər müstəqilliyimizin ilk illərində iqtisadi təlatümlər, daxili böhranlar və kənar müdaxilələr dövlətçiliyimizi sınağa çəkirdisə, o vaxt qəbul edilən cəsarətli qərarlar bu gün bizə tam asılı olmayan, qüdrətli bir ölkə bəxş etdi. Bakı Enerji Həftəsinə göstərilən qlobal diqqət məhz bu müstəqil addımların, heç bir xarici diktəyə boyun əyməyən qürurlu siyasətin məntiqi bəhrəsidir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir.
O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi. Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, nəzərə alsaq ki, Azərbaycan dünya okeanlarına və açıq dənizlərə birbaşa çıxışı olmayan dövlətdir, o zaman əldə edilmiş bu nəhəng tranzit və ixrac nailiyyətlərinin dəyəri daha aydın başa düşülər. Öz enerji resurslarımızı uzaq bazarlara çıxarmaq üçün çoxsaylı ölkələrin ərazisindən keçən kəmərlər çəkmək qonşularımız və regional güclərlə aparılan gərgin, lakin olduqca uğurlu və peşəkar diplomatik danışıqların, yaranan qarşılıqlı etimadın birbaşa təcəssümüdür.
Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, enerji siyasətimizin humanitar və birləşdirici tərəfi odur ki, zəngin resurslarımız heç vaxt digər ölkələrə qarşı şantaj və ya təzyiq aləti kimi istifadə edilməmişdir. Əksinə, cənab Prezidentin də qeyd etdiyi kimi, Mərkəzi Asiyadan Xəzər vasitəsilə çəkilməsi planlaşdırılan yeni yaşıl enerji kabelləri bütün Türk dünyasını və Asiyanı Avropa ilə birləşdirən böyük sülh körpüsünə çevriləcək. Bu siyasət geniş Avrasiya məkanında əmin-amanlığın ən güclü sığortasıdır. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu