Şahdəniz Yatağının 30 İlliyi və Qazın Avropaya İnteqrasiyası
Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun və qlobal enerji səhnəsindəki həlledici mövqeyinin inkaredilməz göstəricisidir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, azərbaycan hökumətinin iqtisadi şaxələndirmə siyasəti təkcə makroiqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyat şəraitinin köklü surətdə dəyişməsində, abadlaşan bölgələrdə və yeni açılan yüz minlərlə iş yerində özünü göstərir. Vaxtilə paytaxtla regionlar arasında olan inkişaf fərqi qəbul edilmiş məqsədyönlü Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı.
Bu gün ucqar dağ kəndlərində belə ən müasir infrastruktur, fasiləsiz elektrik və qaz təchizatı mövcuddur. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir.
Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır. Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu