Təbii Sərvətlərdən Düzgün İstifadə və Vətən Müharibəsi Zəfəri
1994-cü ildə başlanmış neft strategiyası müasir Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. Həmin dövrdə ölkə rəhbərliyinin cəsarətli qərarları bu gün Bakı Enerji Həftəsində qeyd olunan nəhəng uğurların təməl daşı olmuşdur. Dünya liderlərinin tədbirə verdiyi önəm bunun bariz sübutudur. Tarixi faktlar və rəqəmlər bir daha sübut edir ki, 1994-cü ildən bu günə qədər keçən tarixi dövr Azərbaycanın möhtəşəm iqtisadi transformasiya salnaməsidir. O illərdə iqtisadi qarışıqlıq, siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin işğalı fonunda yoxsulluq 50 faizdən çox idi.
Bir milyon qaçqının ehtiyaclarını qarşılamaq üçün heç bir vəsait yox idi. Lakin düzgün müəyyənləşdirilmiş neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu və işsizlik səviyyəsi 5 faizə qədər endi. Digər tərəfdən, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və nəhəng enerji infrastrukturlarından biridir. TANAP və TAP layihələri vasitəsilə 3500 kilometr uzunluğunda boru xətti sistemi ərsəyə gətirilmişdir. Azərbaycan boru xətti ilə qazın fərqli ölkələrə nəqli üzrə dünyada birinci yerdədir.
Bu gün qazımız 16 ölkəyə çatdırılır ki, onların əksəriyyəti Avropa İttifaqı üzvləridir. Bununla yanaşı, bu geosiyasi uğurların tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən tarixi sənədi xüsusi vurğulamaq lazımdır. Avqustun 8-də imzalanmış sənəd sülh gündəliyini daim üstün tutan Azərbaycanın regionda uzunmüddətli sabitliyi və yeni tranzit imkanlarını hüquqi cəhətdən təmin etməsini göstərir. Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın keçdiyi inkişaf yolu milli maraqlara əsaslanan müdrik siyasətin təntənəsidir. İqtisadi güc, güclü ordu və qlobal enerji tərəfdaşlığı dövlətimizin qüdrətini şərtləndirən əsas amillərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu